Ümumi məlumat

Qəbələ şəhəri Bakıdan 225 km məsafədə yerləşir. Rayon ümumilikdə şimaldan Dağıstan Muxtar Respublikası, şimal-şərqdən Quba rayonu, şərqdən İsmayıllı rayonu, cənubdan Gğyçay və Ağdaş rayonları, qərbdən isə Şəki və Oğuz rayonları ilə sərhəddir. Qəbələ şəhəri ölkəmizin ən əsas turizm regionu olaraq özündə otellər, beynəlxalq aeroport, əyləncə mərkəzləri, Konqress Mərkəzi və digər mühüm imfrastrukturları birləşdirir. Şəhərin turizm potensialı həm rekreasiya məqsədli, biznes görüşləri, mədəni turizm, idman turizmi və digər istirahət növlərini özündə birləşdirir

Tarixçə

Azərbaycanın ən çox turist qəbul edən şəhəri olan Qəbələ şəhəri 800 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Qədim Qəbələ şəhərinin xarabalıqları indiki Qəbələ şəhərindən 2 km aralıda yerləşən iki qala divarları ilə əhatələnmiş Çuxur Qəbələ ərazisi hesab olunur. Qəbələ şəhəri Böyük Pilinin tarixi yazılarında Kabalaka kimi, Ptolomeyin əsərlərində isə Xabala kimi qeyd olunur. Qəbələ şəhərinin antik dövrə aid olmasını göstərən qazıntılar zamanı şəhərin ən alt təbəqəsinin eramızdan əvvəl 3-cü minilliyə aid olduğu aşkara çıxarılmışdır

Flora və fauna

Qəbələ şəhəri qoz və şabalıd ağacları ilə zəngindir. Dağların ətəyində 1000 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən şabalıd ağacları dağlara xüsusi gözəllik verir. Burada yerləşən ağacların orta yaşı 500 ildən çoxdur və əksəriyyəti dövlət tərəfindən mühafizə olunan flora sisteminə daxildir. Qəbələ ərazisində 2 ədəd milli qoruq (Türyançay milli qoruğu – link) və Qəbələ Dövlət Tarixi-Bədii qoruğu (daha çox antik qazıntılar qorunur) və Şahdağ Milli Parkı yerləşir. Rayon ərazisində 1000-ə yaxın çeşmə və bulaqlar mövcuddur.
Rayon ərazisində əsasən dağlıq və dağətəyi düzənliklərdə yaşayan heyvan növlərində rast gəlinir. Ərazinin unikal faunasını qorumaq məqsədilə 2006-ci ildə Şahdağ Milli parkı yaradılmışdır və hal-hazırda milli parkın Qəbələ ərazisinə düşən hissəsində qonur ayı, çöl donuzu, cüyür, dovşan, canavar, meşə pişiyi və s. heyvanlar, sarıköynək, bildirçin, alabaxta, ağacdələn və qırqovul kimi quşlar mühafizə olunaraq çoxaldılır.

Təbiət

Qəbələ şəhəri dağlıq və dağarası vadilərdən ibarət bütün dağlıq relyefləri özündə birləşdirir. Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü (4466m) Qəbələ ərazisində yerləşir. Bundan əlavə ölkənin ən mühüm dağlıq hissələri olan Tufandağ, Bazaryurd və Şahdağ zirvələri rayonun ərazisindədir.
Ümumi temperatur yay aylarında (iyul- avqust) 27-33 dərəcə, qış aylarında isə -10 dərəcəyə qədər aşağı enir.