Təbiətin Gözəlliyi Bütün Fəsillərdə…

Təbiətin Qəbələyə bəxş etdiyi təbii gözəlliklər burada ilin bütün fəsillərində istirahət etməyə əlverişli şərait yaradır. Yay fəslində Qəbələ yamyaşıl, təmiz üfüq və əzəmətli Qafqaz dağlarının zirvəsində işıldayan qar ilə görənləri heyran edir. Payız fəslində qızılı meşələr, yolboyu ağacların dibinə tökülmüş fındıq və ayaq altında xışıldayan yarpaqlarla insanlara dərin hüzur vəd edir. Qış aylarında isə Qəbələ ağ örpəyə bürünür və təbiət öz gözəlliyini ağ örpək altında gizlədərək insanlara ağın ən saf rənglərini çatdırır. Yaz ayları isə Qəbələdə daha gözəldir. Təbiətin oyanışı, ağacların yenidən canlanması, çayların səsi Qəbələyə yeni nəfəs verir.

Qəbələ Yayda…

Dağ şəlalələri, toxunulmamış təbiəti, geniş meşələri və əzəmətli Qafqaz dağları Qəbələdə yay və yaz fəslində istirahət üçün ideal edir. Buraya səyahət edən qonaqlar həm tarixi,həm təbiət həm də mədəni turizm obyektləri ilə tanış ola bilərlər. Bundan əlavə yay fəsli Qəbələdə ektrim turizm sevənlər üçün ATV maşınlarla dağa qalxma, ekoturizm, raftinq, at sürmə və digər maraqlı fəaliyyətlər təklif edilir. Ailəli istirahət edənlər üçün isə təbiət qoynunda müxtəlif turlar, tarixi və mədəni abidələrə turlar, kanatla gəzinti, tematik əyləncə və istirahət parklarında gəzinti və bir çox digər fəaliyyət növləri təqdim edir. Təbiət sevənlər üçün Ləzə, Vəndam, Nic, Duruca və Həzrə kəndlərinə etnik turlar təşkil olunur. Bu kəndlər təbii və tarixi gözəlliklərlə yanaşı, yerli əhalinin adət-ənənələri, mənəvi dəyərləri ilə tanış olmaq şansı yaradır. Qəbələdə turistlər və yerli qonaqlar tərəfindən sevilən daha bir fəaliyyət növü isə atçılıqdır. Çətin keçilən dağ yollarında və dağ ətəklərində yerli sakinlər at kirayəsi və hətta at sürmə dərsləri təklif edirlər.

Qəbələ Qışda…

Yayı qədər qışı da möhtəşəm olan Qəbələ, qış aylarında qonaqlara aktiv idman növü olan xizək və qar maşınları ilə adrenalin dolu istirahət təklif edir. Qafqazın əsas xizək mərkəzlərindən olan Tufandağ Qış –Yay Turizm Kompleksində həm yeni başlayanlar üçün həm də professionallar üçün xizək zolaqları mövcuddur. Xizək sezonu Tufandağda 15 Dekabr tarixindən 31 Mart tarixinədək davam edir. Əlavə olaraq, qışda Tufandağ kompleksində qar motosikletləri ilə əyləncə, kirşə ilə gəzinti, böyüklər üçün ATV maşınlar və qarda gəzinti kimi əyləncə növləri mövcuddur.